Azərbaycan
Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan !
Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan !
Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
Yaralanmış qelbim kimi, qelbi viran Azərbaycan.
Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə,
Abad olub, azat olub, mülkü-İran, Azerbaycan !
Bisütuni-İnqilabda Şirin-Vətən için Fərhad,
Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan !
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Üstadımız demiş heçdir vətənsiz can, Azərbaycan !
Qurtarmakçün zalımların əlindən Rəy şümşadını,
Öz şümşadın başdan-başa olup al qan, Azərbaycan !
Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin ?
Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan ?!
İgidlərin İran üçün şəhid olmuş, əvəzində,
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan !
Övladların nə vaxtadək tərki-vətən olacaqdır ?
Əl-ələ ver, üsyan elə, oyan oyan Azərbaycan !
Yetər fəraq odlarından od ələndi başımıza,
Dur ayağa ! Ya azad ol, ya tamam yan, Azərbaycan !
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan !